Bakı. Trend:
ABŞ-nin vitse-prezidentinin xanımı Uşa Vensin də daxil olacağı Amerika nümayəndə heyəti martın 27-29-da Qrenlandiyaya səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.
Sənədə əsasən, martın 27-də Uşa Vens və oğlu tarixi yerləri ziyarət etmək və Qrenlandiya irsi ilə tanış olmaq məqsədilə ABŞ nümayəndə heyəti ilə Qrenlandiyaya səfər edəcək. Həmçinin, Amerika nümayəndələri it sürmə yarışlarında iştirak etməyi planlaşdırır.
ABŞ Milli Təhlükəsizlik müşaviri Mayk Uoltsunun Qrenlandiyadakı ABŞ hərbi bazasını ziyarət etməsi gözlənilir və onu ABŞ-ın energetika naziri Kris Rayt müşayiət edəcək. Ziyarətin nə zaman baş tutacağı hələ dəqiqləşdirilməyib. Vaşinqton administrasiyasının digər rəsmiləri də Qrenlandiyaya səfər edə bilər.
Qeyd edək ki, martın 13-də ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ABŞ-nin Danimarkanın muxtar ərazisi olaraq ilhaq etməyi planlaşdırdığına dair əminliyini ifadə etmişdi. O, jurnalistin Qrenlandiyanın potensial ilhaqı ilə bağlı sualına “Bəli, düşünürəm ki, baş verəcək” deyə cavab vermişdi.