Xankəndi: Trend:
Azərbaycanın “yaşıl” siyasəti beynəlxalq stimullar fonunda rasional bir addımdır.
Bu barədə Trend-ə Kanada Enerji Tədqiqatları İnstitutunun və Kanada Qlobal Münasibətlər İnstitutunun elmi əməkdaşı, enerji təhlükəsizliyi və geoiqtisadiyyat üzrə mütəxəssis Robert Katler ADA Universitetinin Xankəndi şəhərində keçirilən 7-ci Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.
Ekspert qeyd edib ki, günəş və külək enerjisi üzrə zəngin potensiala malik olan ölkə beynəlxalq tendensiyalara və stimullara köklənməkdə doğru seçim etmiş olur.
“Azərbaycanın “yaşıl” siyasəti anlaşılandır. Ölkənin günəş və külək enerjisi sahəsində əhəmiyyətli resursları var və o, bazar tələblərinə uyğun olaraq neft və qaz hasilatını davam etdirməklə yanaşı, beynəlxalq enerji ictimaiyyətinin və Avropa İttifaqının çağırışlarını da nəzərə alır”, – deyə Katler vurğulayıb.
Onun sözlərinə görə, külək və günəş enerjisi daha baha başa gəlsə və daha az enerji səmərəliliyi ilə fərqlənsə də, bu mənbələr Azərbaycanın rasional siyasətinin vacib hissəsi olaraq qalmaqdadır. Ölkə bu istiqamətdə yalnız beynəlxalq arenadan deyil, daxili istehlak kontekstində də stimullar alır ki, bu da belə bir strategiyanı müasir şəraitdə məntiqli və zəruri addıma çevirir.
Katler universitetdə keçirilən, 80-dən çox iştirakçını bir araya gətirmiş ilk beynəlxalq konfransın əhəmiyyətindən də söz açıb.
“Bu, Azərbaycanın ictimai diplomatiyası çərçivəsində atılmış çox vacib bir addımdır və onu da qeyd etmək lazımdır ki, bu hadisə ADA-nın bu vaxta qədər keçirdiyi ən iri konfrans sayılır”, - deyə ekspert qeyd edib.