Bakı. Trend:
Beynəlxalq əlaqələrin genişlənməsi ilə İranın iqtisadi inkişafı daha da sürətlənəcək.
Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpənah bu gün (14 aprel) İranın qərbində yerləşən Kirmanşah vilayətində iş adamları ilə görüşdə deyib.
Onun sözlərinə görə, İranın hazırkı hökuməti ölkənin inkişafı üçün effektiv addımlar atmaqdadır.
“İranın xarici siyasətində mövcud problemin aradan qaldırılması məqsədilə İran tərəfi ABŞ ilə məntiqli müzakirə aparır. İran çox yaxın gələcəkdə diplomatiya sahəsində uğur əldə edəcək”, - deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün (12 aprel) Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.