...

İranın uranı zənginləşdirmə prinsipi müzakirə oluna bilməz – XİN

Dünya xəbərləri Materials 16 Aprel 2025 12:37 (UTC +04:00)
İranın uranı zənginləşdirmə prinsipi müzakirə oluna bilməz – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın uranı zənginləşdirmə prinsipi müzakirə obyekti ola bilməz.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın uranı zənginləşdirməsi məsələsi real və qəbul olunmuş məsələdir.

“İran tərəfi ehtimal olunan nigaranlıqlar haqda etimadın yaradılmasına hazır olduğunu bildirir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 3 martda agentliyin Direktorlar Şurasının iclasında bildirib ki, İran 60%-ə qədər zənginləşdirilmiş uranın həcmini ötən rüblə müqayisədə 182 kiloqramdan 275 kiloqrama artırıb. İran uranı bu səviyyəyə qədər zənginləşdirən yeganə qeyri-nüvə silahı dövlətidir. Bu isə ciddi narahatlıq doğurur.

Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla agentliyin nəzarət mexanizmi 20-30% azalıb.

İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.

Qeyd edək ki, aprelin 12-də Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.

Xəbər lenti

Xəbər lenti