Bakı. Trend:
ABŞ dövlət departamenti ölkə xaricində 30-a yaxın diplomatik missiyanı bağlamağın mümkünlüyünü nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə “The New York Times" (NYT) departamentin daxili sənədinə istinadən məlumat yayıb.
Xarici nümayəndələrin və orada işləyən personalın ixtisarı ilə bağlı planlar ABŞ mətbuatına hələ mart ayında məlum olsa da, həmin vaxt rəqəmlər elə də böyük göstərilmirdi.
Qəzetin yazdığına görə, ixtisara düşəcək dipmissiyaların böyük əksəriyyəti Avropa və Afrika regionuna aiddir. Söhbət Malta, Lüksemburq, Lesoto, Konqo, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya, Maldiv və Qrenadadan gedir. Bundan başqa, sənədə görə, Somalidəki səfirliyin və Bağdadakı diplomatik dəstək mərkəzinin tam bağlanması və ya kontingentinin əhəmiyyətli dərəcədə ixtisarı təklif olunub.
Azaldılması tövsiyə olunan konsulluqların əksəriyyəti Avropada yerləşir: Fransada beşi (Bordo, Lion, Marsel, Renn, Strasburq), Almaniyada ikisi (Düsseldorf və Leypsiq), Bosniya və Herseqovinada da ikisi (Mostar və Banya Luka). Yunanıstan, İtaliya, Portuqaliya, Birləşmiş Krallıq, Kamerun, İndoneziya, Cənubi Afrika Respublikası və Koreya Respublikasında isə hər birində bir konsulluğun bağlanması mümkündür.