Bakı. Trend:
ABŞ-nin Denver şəhərində “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi mühərriklərdən birinə dovşan girərək yanğına səbəb olduqdan sonra təcili eniş edib.
Trend-in məlumatına görə, bu barədə ABC News telekanalı məlumat yayıb.
Hadisə Boeing 737-800 tipli təyyarənin Denver – Edmonton marşrutu üzrə uçuşu zamanı baş verib. Təyyarədə 153 sərnişin və 6 ekipaj üzvü olub. Uçuşdan qısa müddət sonra mühərriklərdən birində yanğın başlayıb.
Təyyarə dərhal Denver Beynəlxalq Hava Limanına qayıdaraq təhlükəsiz şəkildə təcili eniş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sərnişinlər sonradan başqa bir təyyarə ilə Edmontona yola salınıb.
ABŞ Federal Aviasiya Administrasiyası faktla bağlı araşdırmalara başlayıb. Departamentin məlumatına görə, dovşanın turbinə girməsi ilə bağlı bu, dördüncü sənədləşdirilmiş hadisədir.