Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın dinc məqsədli nüvə obyektləri əleyhinə hədələr qarşısında şəffaf və açıq-aşkar mövqe sərgiləyə bilər.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi dünən Tehranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşdə deyib.
Onun sözlərinə görə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə beynəlxalq hüquqi öhdəlikləri çərçivəsində əməkdaşlığını davam etdirir.
Araqçi bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin öz vəzifəsi çərçivəsində bəzi tərəflərin əsaslandırılmayan təzyiqlərindən heç bir təsir almayaraq peşəkar və texniki işini həyata keçirməsi zəruridir.
Görüşdə İran xarici işlər naziri AEBA baş direktorunu Omanın vasitəçiliyi ilə Məsqətdə keçirilən İran və ABŞ arasındakı danışıqlar, sanksiyaların ləğvi və İranın nüvə proqramı haqda məlumatlandırıb.
Görüşdə Atom Enerjisi üzrə Beynlxalq Agentliyin baş direktoru Rafael Qrossi İran və AEBA arasında əməkdaşlığın davam etməsinin və mövcud məsələlərin həllinə kömək istiqamətində münasib şəraitin yaradılması məqsədilə digər tərəflərlə məsləhətləşmənin vacibliyini qeyd edib.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 16 apreldə Tehrana səfər edib.
Xatırladaq ki, aprelin 12-də Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.
