Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Tehranla danışıqları davam etdirmək məqsədilə İsraili İranın nüvə obyektlərinə planlaşdırdığı zərbələrdən daşındırıb.
Trend xəbər verir ki, bu barədə “The New York Times” (NYT) ABŞ adminstrasiyasında olan mənbələrə istinadən məlumat yayıb.
“İsrail artıq gələn ay İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırırdı. Ancaq son həftələr prezident nüvə proqramının məhdudlaşdırılması ilə bağlı Tehranla danışıqların xeyrinə bu ideyanı rədd edib”, - deyə materialda qeyd olunur.
Nəşrin qeyd etdiyinə görə,Tramp bu qərarı Ağ Evdə bir neçə ay davam edən daxili müzakirələrdən sonra qəbul edib. Bu müzakirələrdə əsas məsələ diplomatik səylərin davam etdirilməli olub-olmadığı, yoxsa İranın nüvə bombası yaratmasının qarşısını almağa çalışan İsrailə dəstək verilməli olub-olmadığı idi. Bildirilir ki, hərbi əməliyyatlara qarşı "ümumi razılıq" əldə olunub, çünki İran danışıqlara hazır olduğunu bəyan etmişdi.
Qeyd olunur ki, İsrailin İranın nüvə obyektlərinə hücumu may ayına təyin edilmişdi. Təl-Əviv Tehranı nüvə silahı hazırlamaq imkanından bir il və ya daha çox müddətə geri salmaq niyyətində idi.