Bakı. Trend:
İranın dinc məqsədli nüvə sahəsində elmi layihələri və nailiyyətləri diqqəti cəlb edir.
Trend-in məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bu gün Tehranda İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami ilə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dinc məqsədli nüvə enerjisindən səhiyyə və müalicə sahəsində istifadə etməyə hamının ehtiyacı var.
“İranın bu nailiyyətlərini əks etdirmək çox önəmlidir. Lakin eyni zamanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin vəzifəsi nüvə silahının yayılmamasıdır və bu sahə böyük əhəmiyyət kəsb edir.
Ölkələr nüvə texnologiyasından məhdudiyyət olmadan istifadə etməlidirlər. Eyni zamanda bu texnologiyadan dinc məqsədlər üçün istifadə edəcəkləri etimadı yaratmalıdırlar. Elə bu səbəbdən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bütün ölkələr tərəfindən təsis edilib ki, nüvə texnolgiyasından dinc məqsədlər üçün istifadə edilməsinə arxayınlıq yaransın”, - deyə o bildirib.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 16 apreldə İrana səfər edib və İranın xarici işlər naziri Seyid Abbas Araqçi ilə və bu gün isə (17 aprel) İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami ilə görüşərək danışıqlar aparıb.