Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyası Pentaqon rəhbəri Pit Heqsetin müdafiəsinə qalxıb. Bundan əvvəl ABŞ KİV-də müdafiə naziri olan Heqsetin Yəmənə planlaşdırılan aviahücumlarla bağlı məlumatları “Signal” sosial şəbəkəsində yaxın qohumları ilə paylaşdığı barədə məlumat yayılmışdı.
Trend-in xəbərinə görə, KİV-də dolanan iddialara Ağ Ev reaksiya verib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ prezidenti Donald Trampın Pentaqon rəhbəri Heqseti qəti şəkildə dəstəklədiyini və onun fəaliyyətindən razı olduğunu diqqətə çatdırıb.
"Prezident nazir Heqseti qətiyyətlə dəstəkləyir, o, Pentaqonun rəhbəri kimi fenomenal iş görür",- deyə o, "Fox News" telekanalına müsahibəsində bildirib. – "Bir daha qeyd etmək istəyirəm ki, "Signal" çatlarında gizli məlumatlar paylaşılmayıb".