Bakı. Trend:
Yəməndəki “Ənsar Allah” hərəkatının silahlı qanadı olan husilər ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harry Truman” və “Carl Vinson” aviadaşıyıcılarına, eləcə də onları müşayiət edən gəmilərə qarşı hücum təşkil etdiklərini bəyan ediblər.
Trend xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya Telegram kanalında yayımladığı açıqlamada bildirib.
“Raket Qüvvələri, Pilotsuz Təyyarə Qrupu və Hərbi Dəniz Qüvvələri qanadlı raketlər və PUA-lardan istifadə etməklə, ABŞ-nin “Harry Truman” və “Carl Vinson” aviadaşıyıcılarına və müşayiətçi gəmilərinə qarşı Qırmızı və Ərəb dənizlərində iki hərbi əməliyyat həyata keçirib”, – deyə bəyanatda qeyd olunur.
Hazırda ABŞ tərəfi hücum iddialarına dair rəsmi açıqlama verməyib. Hadisənin təfərrüatları və mümkün itkilər barədə məlumat yoxdur.