Bakı. Trend:
Oktyabrın 9-dan 15-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) tərəfindən Dünya Təbiəti Mühafizə Konqresi təşkil olunacaq.
Trend yerli mediaya istinadla xəbər verir ki, tədbirdə 160 ölkədən mütəxəssislərin, əlaqədar qurumların rəhbərlərinin və digər iştirakçıların – ümumilikdə 10 mindən çox qonağın iştirakı gözlənilir.
IUCN-in baş direktoru Qretel Aqilar bildirib ki, bu konqres hökumətləri, vətəndaş cəmiyyətlərini və ekspertləri “Təbiəti qiymətləndirən və qoruyan ədalətli dünya” məqsədi ətrafında birləşdirən unikal platformadır. O, tədbirin təbiətin qorunması sahəsində ortaq məqsədlərə çatmaq üçün əməkdaşlıq imkanlarını gücləndirəcəyini vurğulayıb.
Qeyd edək ki, 1948-ci ildə yaradılan IUCN dünyanın ilk beynəlxalq ekologiya təşkilatıdır. Mərkəzi İsveçrənin Qland şəhərində yerləşən təşkilat 1400-dən çox hökumət və qeyri-hökumət təşkilatını, eləcə də 17 mindən çox eksperti bir araya gətirir.