Bakı. Trend:
İsraildə aprelin 30-dan başlayan güclü meşə yanğınları nəticəsində ölkənin mərkəzi rayonlarında 1,3 min hektara yaxın ərazi məhv olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrailin milli parklarına nəzarət edən “Keren Kaemet Le-İsrael” fondu məlumat yayıb.
Məlumata görə, yanmış meşə massivinin yarıdan çoxu yəhudi dövlətinin mərkəzi hissəsində yerləşən Kanada parkının Təl-Əviv və Qüds arasında ərazisinə aiddir.
Qeyd edilir ki, aprelin 30-da səhər saatlarında iki şəhəri birləşdirən magistralın ərazisində güclü meşə yanğını baş verib. Yanğın güclü küləyin əsməsi, havanın quraq və isti keçməsi səbəbilə sürətlə yayılmağa başlayıb. İsrail Yanğınsöndürmə və Xilasetmə Xidməti bölmələrinin hazırlıq səviyyəsini maksimuma çatdırıb və yanğınların söndürülməsi üçün ordu da cəlb olunub.
Yanğınla mübarizə zamanı 20-dən çox yanğınsöndürən yaralanıb. Hazırda Qüdsün qərbindəki bir neçə iri yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürmə briqadası cəlb olunub.