Bakı. Trend:
Mayın 5-də Səmərqənddə keçirilməsi planlaşdırılan Mərkəzi Asiya–Körfəz Əməkdaşlıq Şurasının sammiti qeyri-müəyyən müddətə təxirə salınıb.
Trend xəbər verir ki, bu barədə “Gazeta.uz” məlumat yayıb.
Özbəkistan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, tərəflər qarşılıqlı məsləhətləşmələr əsasında yeni tarix üzərində işlərini davam etdirirlər. Sammitin dəqiq tarixi və digər detalları daha sonra açıqlanacaq.
Nazirlik, həmçinin, bu format çərçivəsində dialoq və tərəfdaşlığın gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bəyan edib.
Qeyd edək ki, Mərkəzi Asiya–Körfəz Əməkdaşlıq Şurasının ilk sammiti 2023-cü ilin iyul ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmişdi. Şuraya Fars körfəzinə çıxışı olan altı ərəb dövləti – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Oman və Qətər daxildir.
Bundan əvvəl Daşkənddə keçirilən forumda Mərkəzi Asiya və Fars körfəzi ölkələrindən olan ekspertlərin iştirakı ilə müzakirələr aparılmışdı.