Bakı. Trend:
Sudanın mərkəzi hakimiyyətinə qarşı silahlı mübarizə aparan üsyançı Çevik Dəstək qüvvələri Port Sudanda yerləşən Osman Diqnə hərbi hava bazasına və Flaminqo radar stansiyasına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum həyata keçirib.
Trend Sudan Xəbər Agentliyinə istinadən xəbər verir ki, Sudan Hərbi Qüvvələri hücum edən 11 PUA-nı zərərsizləşdirib, onlardan 7-si xüsusi vasitələrlə ələ keçirilib. Hücum nəticəsində xəsarət alan olmayıb, aviabazaya isə yüngül zərər dəyib.
Hücum səbəbindən qısa müddətə fəaliyyətini dayandıran Port Sudan beynəlxalq hava limanı artıq yenidən fəaliyyətə başlayıb.
Qeyd edək ki, 2023-cü il aprelin 15-dən bəri Çevik Dəstək qüvvələri ilə Sudan ordusu arasında ölkəyə nəzarət uğrunda silahlı qarşıdurma davam edir. Münaqişə nəticəsində minlərlə insan həyatını itirib və dünyanın ən ağır humanitar böhranlarından biri yaranıb.
BMT və yerli hakimiyyətin məlumatına əsasən, indiyədək 20 mindən çox insan həlak olub, 15 milyon nəfər isə evlərini tərk etməyə məcbur qalıb. ABŞ alimlərinin araşdırmasına görə, real ölüm sayı 130 min nəfərə yaxın ola bilər.