Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Trend TRT-yə istinadən xəbər verir ki, telefon danışığı zamanı R.T.Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.
Türkiyə lideri ABŞ Prezidenti D.Trampın müharibələrə son qoymağa yanaşmasını dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini bildirib.
R.T.Ərdoğan Qəzzada humanitar böhranın ciddi ölçülərə çatdığını, humanitar yardımların fasiləsiz olaraq Qəzzaya çatdırılmasının və bu faciəvi humanitar fəlakətin sona çatdırılmasının vacibliyini, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün əməkdaşlığa və hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.
Bundan əlavə, R.T.Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini, ABŞ-nin Suriyaya qarşı sanksiyaları yumşaltmaq səylərinin prosesə töhfə verəcəyini, sabit və stabil Suriyanın həm regional, həm də dünyada sülhü dəstəkləyəcəyini bildirib.
Yekunda R.T.Ərdoğam ABŞ prezidenti D.Trampı Türkiyəyə dəvət edib.