...

İran və Qətər Şimal-Cənub Dəhlizi çərçivəsində tranzitdə maraqlıdır - Nazir

Dünya xəbərləri Materials 6 May 2025 16:43 (UTC +04:00)
İran və Qətər Şimal-Cənub Dəhlizi çərçivəsində tranzitdə maraqlıdır - Nazir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Qətər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yükdaşıma və tranzit infrastrukturlarının inkişaf etdirilməsində maraqlıdır.

Trend-in məlumatına görə, bu məsələ İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Qətərin baş nazir və xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali Saninin bu gün Dohada görüşündə diqqət mərkəzində saxlanılıb.

İranın Yol və Şəhərsalma Nazirliyi bildirir ki, sözügedən görüşdə iki ölkə arasında beynəlxalq nəqliyyat razılaşmasının imzalanması, İranın Buşehr limanı və Qətər limanları arasında yükdaşıma əməkdaşlığının artırılması, yeni yük və sərnişin gəmi marşrutlarının yaradılması diqqət mərkəzində saxlanılıb.

Bildirilir ki, görüşdə, həmçinin, yükdaşımalar üzrə Aşqabad razılaşması və Türkiyə-İran-Qətər yükdaşıma əməkdaşlığının artırılması haqda fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə üçün əhəmiyyət kəsb edən məsələlər, hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq və sairə məsələlər araşdırılıb.

Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də, Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən, bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti