Bakı. Trend:
Böyük Britaniya hökuməti Malayziya Hava Yollarına məxsus MH17 reysi ilə uçan sərnişin təyyarəsinin 2014-cü ildə Ukraynanın şərqində vurulmasını beynəlxalq aviasiya hüququnun pozuntusu kimi tanıyan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qərarını alqışlayıb.
Trend xəbər verir ki, 12 may 2025-ci ildə qəbul olunmuş, presedenti olmayan qərara əsasən ICAO şurasına üzv dövlətlərin əksəriyyəti belə bir nəticəyə gəlib ki, Rusiya uçuşda olan mülki hava gəmisinə qarşı silah tətbiq etməklə Çikaqo konvensiyasının 3bis məqaləsini pozub.
Faciə nəticəsində təyyarənin göyərtəsində olmuş bütün sərnişinlər və ekipaj üzvləri (298 nəfər) həlak olub. Onların arasında 10 Britaniya vətəndaşı da yer alır.
“Bu ICAO tarixində ilk belə haldır – deyə Britaniya hökumətinin rəsmi bəyanatında deyilir – Bu qərar beynəlxalq mülki aviasiyanın normalarını pozan kəslərin, məsuliyyətə cəlb olunacağını təsdiq edir.
Qeyd edək ki, 2014-cü il iyulun 17-də baş verən MH17 reysi insidenti beynəlxalq ictimaiyyəti sarsıtdı və uzun illər davam edən istintaqlara, məhkəmə proseslərinə və diplomatik təzyiqlərə səbəb oldu. ICAO Şurasının bu qərarı təşkilatın 80 illik tarixində beynəlxalq mübahisə üzrə mahiyyəti üzrə verilmiş ilk qərardır.
Böyük Britaniya bu qərarı “qurbanlar və onların ailələri üçün ədalətə doğru atılmış mühüm addım” kimi qiymətləndirib, Rusiyanın “məsuliyyətsiz və təhlükəli davranışını, eləcə də dinc insanların həyatına göstərdiyi sayğısızlığa” diqqət çəkib.