Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Suriyaya qarşı tətbiq edilən sanksiyalar rejimində 180 gün müddətinə müvəqqəti güzəştlər tətbiq etməyə qərar verib.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Antalyada jurnalistlərə açıqlamasında bildirib.
“Biz ‘Sezar Qanunu’nda nəzərdə tutulan və hər altı aydan bir yenilənən istisnalardan istifadə edirik”, – deyə Rubio qeyd edib.
O, bu addımın beynəlxalq donorların Suriyaya sanksiya riski olmadan humanitar yardım göndərmələrinə imkan yaradacağını bildirib. Dövlət katibi eyni zamanda bu dəyişikliklərin müvəqqəti xarakter daşıdığını vurğulayıb.
“Hazırda müvəqqəti tədbirlərlə başlayırıq. Gələcəkdə isə sanksiyaların tamamilə ləğvi məsələsinə Konqres vasitəsilə baxılacaq”, – Rubio əlavə edib.
