Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, bu il Suriyada müşahidə olunan şiddətli quraqlıq yerli taxıl bitkilərinin təxminən 75 faizinin məhv olmasına səbəb ola bilər.
Trend-in “Reuters” agentliyinə istinadla verdiyi məlumata görə, bunu FAO-nun Suriyadakı nümayəndəsi Toni Ettel bildirib. Onun sözlərinə görə, bu il ölkədə təxminən 2,7 milyon ton buğda kəsiri yaranacağı gözlənilir. Bu isə 16,3 milyon insanı il ərzində qidalandırmaq üçün kifayət etməyəcək.
Quraqlıq səbəbilə buğda istehsal edən fermerlər ciddi məhsul itkisi ilə üzləşiblər. Bu vəziyyət artıq 13 ildir vətəndaş müharibəsi, hərbi əməliyyatlar və bombardmanlardan əziyyət çəkən Suriyanın kənd təsərrüfatı sektoruna növbəti ağır zərbə olub.
Xüsusilə Hələb əyalətinin şimalında suvarmanın olmaması və yağıntısızlıq aqrar sektora ciddi təsir göstərib.
Toni Ettelin sözlərinə görə, lazımi maliyyə və texnologiyaların bölgəyə axını kənd təsərrüfatının suvarma və infrastruktur sahələrində yenilənməsi üçün həyati əhəmiyyət kəsb edir və sektoru canlandıra bilər.
Bu arada, ABŞ Prezidenti Donald Tramp ötən həftə verdiyi gözlənilməz açıqlamada Suriyaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğvinə dair göstəriş verəcəyini bəyan edib. Gözlənilir ki, Vaşinqton yaxın həftələrdə bəzi sanksiyaları yüngülləşdirməyə başlayacaq.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas isə bildirib ki, nazirlərin Aİ-nin Suriyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılığa gələcəyinə ümid edir. Aİ artıq enerji, nəqliyyat və yenidənqurma, həmçinin onlarla əlaqəli maliyyə əməliyyatlarına dair bəzi sanksiyaları yumşaldıb. Lakin ekspertlər hesab edirlər ki, bu tədbirlər siyasi keçidi və ölkənin iqtisadi bərpasını təmin etmək üçün kifayət etmir.