Bakı. Trend:
Yüksək səviyyəli avropalı diplomatlar ABŞ-nin yaxın aylarda Avropadakı hərbi qüvvələrinin sayını azaldacağına dair qərar elan edəcəyini gözləyirlər.
Trend xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" nəşri məlumat yayıb.
Məlumata əsasən, NATO da belə bir ssenariyə hazırlaşır, lakin bu qərarın dəqiq vaxtı və əhatə dairəsi hələlik bəlli deyil.
Nəşr yazır ki, ABŞ hökuməti hazırda yeni milli müdafiə strategiyası üzərində çalışır. Sənədin yay aylarının sonunadək tamamlanması planlaşdırılır və bu sənədin Avropadakı ABŞ qoşunlarının azaldılması üçün əsas ola biləcəyi ehtimal olunur.
Xatırladaq ki, ABŞ-nin sabiq prezidenti Co Bayden bir müddət əvvəl Avropada NATO qüvvələrinin tərkibində xidmət edən amerikalı hərbçilərin sayının təxminən 80 min nəfər olduğunu açıqlamışdı.