Bakı. Trend:
Gələn həftə İran və AEBA arasında görüşlər keçiriləcək.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlığın davam etməsində agentliyin rolu və strategiyası effektivdir:
"İran AEBA ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu məqsədlə gələn həftə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin müavini Tehrana gələcək və İran rəsmiləri ilə görüşlər keçiriləcək".
Bəqai bildirib ki, İran AEBA ilə əməkdaşlıq istiqamətində həmişə konstruktiv mövqe sərgiləyib və İranın qənaətincə, agenliklə əməkdaşlıq İranın öhdəliklərinə əsaslanmalıdır.
"İran AEBA Baş Direktorlarının növbəti iclasında Rafael Qrossinin heç bir təzyiq olmadan öz hesabatını verəcəyini gözləyir", - o əlavə edib.
Qeyd edək ki, ötən ilin (2023) mart ayında İran və MAQATE arasında razılaşma əldə olunub və razılaşma üzrə bəyanat verilib. Razılaşmaya əsasən İranın MAQATE ilə əməkdaşlığı nüvə silahlarının yayılmamasına dair konvensiya (NPT) və qorunma (safeguards) çərçivəsindədir, eləcə də tərəflər İranın nüvə proqramı ilə əlaqədar zənginləşdirilmiş uran maddələrinin mövcud olmasına dair irəli sürülən iddialar haqda bir-birləri ilə əməkdaşlıq etməlidirlər.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 3 mart 2025-də AEBA Direktorlar Şurasının iclasında bildirib ki, İran 60%-ə qədər zənginləşdirilmiş uranın həcmini ötən rüblə müqayisədə 182 kiloqramdan 275 kiloqrama artırıb. İran uranı bu səviyyəyə qədər zənginləşdirən yeganə qeyri-nüvə silahı dövlətidir. Bu isə ciddi narahatlıq doğurur.
