...

“Volkswagen” şirkətinin sabiq rəhbərlərinə dizel qalmaqalına görə həbs cəzası verilib

Dünya xəbərləri Materials 26 May 2025 13:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Braunşveyq şəhərindəki yerli məhkəmə “Volkswagen” şirkətinin dörd keçmiş rəhbər vəzifəli şəxsini dizel qalmaqalı ilə bağlı məhkəmə prosesində fırıldaqçılıqda təqsirli bilib.

Trend “Spiegel” qəzetinə istinadən xəbər verir ki, dörd il davam edən mürəkkəb məhkəmə prosesinin sonunda həmin şəxslərdən ikisinə həbs, ikisinə isə şərti cəza verilməsi barədə hökm çıxarılıb.

Sözügedən dizel qalmaqalı 2015-ci ilin sentyabr ayında ictimaiyyətə açıqlanmışdı. Belə ki, həmin vaxt ABŞ-da “Volkswagen”in dizel avtomobillərinin emissiya testlərini saxtalaşdırdığı üzə çıxıb və bu, dünya miqyasında böyük qalmaqala səbəb olmuşdu. Nəticədə şirkətin ozamankı rəhbəri Martin Vinterkorn istefa vermişdi. Qalmaqal “Volkswagen”ə indiyə qədər təxminən 33 milyard avroya başa gəlib.

Martin Vinterkornun da adı ilkin mərhələdə məhkəmə prosesində yer alsa da, səhhətindəki problemlərlə əlaqədar onun işi ayrıca icraata götürülüb. Yetmiş səkkiz yaşlı sabiq rəhbərlə bağlı prosesin nə vaxt davam etdiriləcəyi hələlik məlum deyil. Hazırda Braunşveyq məhkəməsində dizel qalmaqalı üzrə daha dörd cinayət işi üzrə ümumilikdə 31 nəfər barəsində istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti