Bakı. Trend:
Bizim strateji qərarımız sülh gündəminə sadiq qalmaqdır və mən ümidvaram ki, bugünkü hesabatın gedişində mən Ermənistanla Azərbaycan arasında sülhün nə dərəcədə yaxın olduğunu bizim beynəlxaq tərəfdaşlarımızı diqqətinə çatdırmağı və bunu daha nəzərəçarpan şəkildə etməyi bacardım.
Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Slovakiyanın baş naziri Robert Fitzo ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Paşinyan tarixi sülh sazişi fürsətinin əldən verilməməsi üçün rəsmi Bakı ilə məsləhətləşmələri davam etdirəcəyini diqqətə çatdırıb.
“Əlbəttə, bu məsələdə üzərimizə düşən öhdəliyi tam və hərtərəfli şəkildə yerinə yetirəcəyik və məmnuniyyətlə, qeyd etmək istərdim ki, bu tarixi fürsətin əldən verilməməsi üçün Azərbaycanla məsləhətləşmələrimizi davam etdiririk.
İcazə verin, əminliyimi ifadə edim ki, bu fürsət əldən verilməyəcək. Əlbəttə, bu proses asan deyil, müəyyən çətinliklər var, lakin biz irəliləyirik və mürəkkəb beynəlxalq və regional şəraitdə sülh sazişi layihəsi üzrə danışıqların uğurla başa çatdırılması, razılaşdırılmış mətnin imzalanmağa hazır vəziyyətə gətirilməsi çox mühüm və böyük nailiyyətdir. Bu, atılmış bir addımdır, lakin davam etdirilməsi zəruri olan bir prosesdir”.
