Bakı. Trend:
Pakistan məhkəməsi iyunun 11-də ölkənin sabiq baş naziri İmran Xanın və onun xanımının girov müqabilində azad edilmələri haqqında xahişi nəzərdən keçirəcək.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, onlar daşınmaz əmlakla bağlı maliyyə fırıldaqları işi üzrə mühakimə olunublar.
Qeyd edilir ki, İslamabad Ali Məhkəməsi iclası iyunun 11-nə təyin edib. Pakistanın bütün müxalif qüvvələri hökmün təxirə salınacağına və İmran Xanın girov müqabilində azadlığa buraxılacağına ümid bəsləyirlər.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə başçılıq edib. Parlamentdə ona qarşı etimadsızlıq elan ediləndən sonra vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ildən etibarən dövlət xəzinəsində saxlanılan xarici ölkələrdən hədiyyələrin satışı hökmü ilə həbs cəzası çəkir.