Bakı. Trend:
Vyetnamın şimalında, Cənubi Çin dənizində yerləşən Halonq körfəzində turist qayığının batması nəticəsində ölənlərin sayı artıb.
Trend xəbər verir ki, VTC xəbər portalının məlumatına görə, xilasetmə xidmətləri daha 4 nəfərin cəsədini aşkar edib. Bununla da faciə qurbanlarının ümumi sayı 38 nəfər olub.
İyulun 20-də, yerli vaxtla səhər saat 7-də verilən rəsmi məlumata əsasən, 5 nəfər hələ də itkin düşmüş sayılır. 10 nəfər xilas edilib.
Qeyd olunur ki, “VnExpress” portalının daha əvvəl yaydığı məlumata əsasən, göyərtəsində 48 turist və 5 ekipaj üzvü olmaqla ümumilikdə 53 nəfər olan gəmi əlverişsiz hava şəraiti səbəbindən aşıb. Hadisə baş verən ərazi Halonq körfəzi kimi məşhur turizm mərkəzində yerləşir.
XXX
21:48
Vyetnamın şimalında, Cənubi Çin dənizində yerləşən Halonq körfəzində baş vermiş turist qayığı qəzası nəticəsində 34 nəfərin cəsədi sudan çıxarılıb.
Trend xəbər verir ki, bu barədə Vyetnam Xəbər Agentliyi (VNA) məlumat yayıb.
Xilasetmə xidmətlərinin açıqlamasına görə, indiyədək 34 nəfərin cəsədi tapılıb, 10 nəfər isə sağ xilas edilib.
Qeyd edək ki, daha əvvəl VnExpress xəbər vermişdi ki, göyərtəsində 48 turist və 5 ekipaj üzvü olmaqla ümumilikdə 53 nəfər olan gəmi əlverişsiz hava şəraiti səbəbindən Halonq körfəzində aşıb.
XXX
19:36
Vyetnamın şimalındakı Halonq körfəzində turist gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 27 nəfərə yüksəlib.
Trend xəbər verir ki, bu barədə “VnExpress” portalı məlumat yayıb.
Son məlumata görə, təcili yardım xidmətləri 8-i uşaq olmaqla 27 qurbanın cəsədini tapıb. Agentlik xəbər verir ki, 11 nəfər xilas edilib. Daha əvvəl bir qurban və 12 nəfərin xilas edildiyi bildirilirdi.
Qeyd edək ki, daha əvvəl VnExpress xəbər vermişdi ki, göyərtəsində 48 turist və 5 ekipaj üzvü olmaqla ümumilikdə 53 nəfər olan gəmi Cənubi Çin dənizindəki Halonq körfəzində əlverişsiz hava şəraiti səbəbindən aşıb.
