Bakı. Trend:
2025-ci ilin əvvəlindən etibarən Çexiyada 900-dən çox insan hepatit A virusuna yoluxub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9 dəfə artım deməkdir.
Trend xəbər verir ki, bu barədə Çexiya Dövlət İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Məlumata görə, bu il ölkədə hepatit A diaqnozu qoyulan 10 nəfər həyatını itirib. Müqayisə üçün, 2024-cü ildə bu virusdan yalnız 2 ölüm halı qeydə alınmışdı.
Ən çox yoluxma halları Praqa, ona bitişik Mərkəzi Çexiya bölgəsi və ölkənin şimal-şərqində yerləşən Moraviya-Sileziya bölgəsində müşahidə olunub. Portalın məlumatına əsasən, təkcə Praqada 311 nəfər hepatit A virusuna yoluxub. Xəstəlik əsasən narkotik istifadə edən evsizlər arasında yayılır.
Bundan əlavə, hepatit A virusuna xaricdə tətil zamanı yoluxma halları da qeydə alınıb. Bu yoluxmaların əsas mənbəyi kimi Balkan ölkələri, Şimali Afrika və Cənub-Şərqi Asiya göstərilir. Həkimlərin bildirdiyinə görə, Slovakiya, Avstriya və Macarıstanda da bu virusun yayılma riski son aylarda artıb.
Qeyd edək ki, hepatit A virusu yüksək yoluxuculuğa malikdir. Onun inkubasiya dövrü 50 günə qədər davam edə bilər. Xəstəlik tez-tez asemptomatik formada keçdiyindən, yalnız həkimlər tərəfindən aparılan laborator testlərlə aşkar oluna bilər.
