Bakı. Trend:
Tailand Kamboca ilə atəşkəs bağlamağa razıdır, lakin qarşı tərəfin “səmimi niyyətini” görmək istəyir.
Trend-in məlumatına görə, bunu Tailandın baş naziri səlahiyyətlərini icra edən, baş nazirin müavini və daxili işlər naziri Phumtham Veçayçay deyib.
Şənbə günü səhər ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tailand və Kamboca liderləri onunla danışıqlarda atəşi dayandırmaq istəklərini ifadə ediblər. Pnompen və Banqkok artıq "dərhal görüşmək" və atəşkəs üzərində işə başlamaq barədə razılığa gəliblər. Tramp həmçinin qeyd edib ki, bu şərt yerinə yetirildikdən sonra tərəflərə ABŞ ilə ticarət sazişlərinin müzakirəsinə qayıtmaq imkanı veriləcək.
Phumtham Veçayçay bildirib: “Prezident Trampla söhbətim olub, o, Tailand və Kambocanın dərhal atəşkəs əldə etməsini tələb edib. Mən prezident Trampa narahatlığına görə təşəkkür etdim və qeyd etdim ki, ümumilikdə Tailand atəşkəsə razıdır. Bununla belə, Tailand Kamboca tərəfindən səmimi niyyət görmək istərdi.”
O, Amerika prezidentindən Banqkokun atəşkəs və “son nəticədə münaqişənin sülh yolu ilə həllini” müzakirə etmək üçün mümkün qədər tez ikitərəfli dialoq keçirmək istədiyini çatdırmağı xahiş edib.