Bakı. Trend:
Çinin Su Təsərrüfatları Nazirliyi Pekində daşqın təhlükəsi ilə bağlı fövqəladə reaksiya rejimi tətbiq edib.
Trend-in Sinxua agentliyinə istinadla verdiyi məlumata görə, iyulun 24-dən etibarən yağan güclü yağışlar paytaxtın şimal-şərqində yerləşən Miyun su anbarında suyun səviyyəsinin kəskin şəkildə artmasına səbəb olub. Bu, su anbarının 60 illik tarixində qeydə alınan ən yüksək su axını ilə müşayiət olunur.
Hazırda yerli hakimiyyət orqanlarına vəziyyətin monitorinqinin gücləndirilməsi və su ilə bağlı təhlükələr barədə ictimaiyyətə operativ şəkildə xəbərdarlıq edilməsi tapşırılıb.
Qeyd edək ki, daha əvvəl Pekin şəhərində güclü yağışların səbəb ola biləcəyi torpaq sürüşməsi və digər geoloji hadisələrə görə maksimum – “qırmızı” xəbərdarlıq səviyyəsi elan edilib. Hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa və təhlükəli ərazilərdən uzaq durmağa çağırıb.