Bakı. Trend:
Böyük Britaniya hökuməti il ərzində ölkədən 35 mindən çox qanunsuz miqrantı deportasiya edib.
Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla Şotlandiyanın Ternberri şəhərində keçirdiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Leyboristlər Partiyasının rəhbərliyi altında fəaliyyət göstərən hökumətin ilk ili ərzində biz 35 min qanunsuz miqrantı geri qaytardıq. Ona görə də burada qalmaq hüququ olmayan şəxsləri geri göndərməyimizdən çox məmnunuq", – deyə 2024-cü ilin iyul ayında parlament seçkilərində qalib gəlmiş Leyboristlər Partiyasının lideri Kir Starmer bildirib.
Qanunsuz miqrasiya mövzusuna ABŞ prezidenti Donald Tramp da münasibət bildirib və La-Manş boğazını kiçik qayıqlarla keçmələrin dayandırılmasına çağırıb.
“Bu qayıqlar pis insanlarla doludur, adətən belə olur, çünki digər ölkələr öz ən yaxşı vətəndaşlarını göndərmirlər – onlar istəmədikləri insanları göndərirlər, çünki axmaq deyillər”, – deyə o bildirib.
Tramp iddia edib ki, bu insanlar arasında “qatillər, narkotik satıcıları” da var. “Onlar həmin adamları sizə göndərirlər, bizə göndərirlər. Və siz bunu dayandırmalısınız”, – deyə ABŞ prezidenti əlavə edib.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin əvvəlindən indiyədək 21 minə yaxın qanunsuz miqrant La-Manş boğazını kiçik qayıqlarla keçərək krallıq ərazisinə daxil olub. Bu rəqəm 2024-cü ilin ilk yarısına nisbətən 56 faiz çoxdur.