Bakı. Trend:
Hazırda İranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin heç bir müfəttişi yoxdur.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran dəfələrlə qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmiləri öz vəzifələri əsasında addımlar atmalı və başqa ölkələrin təsiri altına düşməməlidir.
Bəqai bildirib ki, İran dəfələrlə AEBA-nın qeyri-texniki strategiyasına öz etirazını elan edib.
“İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvüdür və hərtərəfli qorunma (safeguards) razılaşması əsasında öz öhdəliklərinə sadiqdir və qanuni şəkildə addımlar atmağı qarşıya məqsəd qoyub”, - deyə o qeyd edib.
İran rəsmisi gələn 10 gün ərzində AEBA baş direktorunun müavininin İrana səfər edəcəyini və hazırkı xüsusi şərait haqda danışıqlar aparılacağını qeyd edib.
Qeyd edək ki, 2023-cü ilin mart ayında İran və AEBA arasında razılaşma əldə olunub və razılaşma üzrə bəyanat verilib. Razılaşmaya əsasən İranın AEBA ilə əməkdaşlığı nüvə silahlarının yayılmamasına dair konvensiya (NPT) və qorunma (safeguards) çərçivəsindədir, eləcə də tərəflər İranın nüvə proqramı ilə əlaqədar zənginləşdirilmiş uran maddələrinin mövcud olmasına dair irəli sürülən iddialar haqda bir-birləri ilə əməkdaşlıq etməlidirlər.
Əlavə edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.