Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ABŞ-nin bu həftə Aİ ölkələrindən idxal edilən məhsullara tətbiq edilən 15 faizlik gömrük rüsumlarından istisnaları, eləcə də avtomobil məhsullarına tarif endirimlərini rəsmi şəkildə təsdiqləyəcəyinə ümid edir.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi danışıqlarla tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Aİ tərəfi ABŞ Prezidenti Donald Trampın yay aylarında tarif siyasətinin yumşaldılması ilə bağlı əldə olunmuş razılaşmalara hüquqi qüvvə verəcək fərmanları imzalayacağına inanır. Gözlənilən güzəştlərə xüsusilə avtomobillərə tətbiq edilən rüsumların azaldılması və təyyarə hissələri də daxil olmaqla bəzi sənaye məhsulları üzrə istisnalar daxildir.
Tərəflərin Tramp ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında əvvəllər əldə edilmiş siyasi razılaşmanı təsdiqləyən birgə bəyanat yayacağı ehtimal edilir.
“Bloomberg” qeyd edir ki, 15 faizlik rüsum səviyyəsi əvvəllər 25 faiz gömrük rüsumuna tabe olan avtomobillərə də tətbiq oluna bilər. Bundan əlavə, Aİ-dən idxal edilən digər məhsullar – yarımkeçiricilər və dərman preparatları üzrə tariflər də yenidən nəzərdən keçiriləcək.