Bakı. Trend:
İstanbul və Antalya mərkəzli olmaqla, 81 vilayətdə “saxta/qanunsuz spirtli içki istehsalçılarına” qarşı jandarma tərəfindən son 2 həftədə müxtəlif əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı 33 min 554 litr saxta/qanunsuz alkoqol və 29 min 63 litr etil spirt müsadirə olunub.
Trend xəbər verir ki, bu barədə Türkiyə DİN rəhbəri Ali Yerlikaya öz “X” səhifəsində məlumat paylaşıb.
Qanunsuz spirtli içki istehsalı ilə məşğul olan müəssisələrə qarşı aparılan tədbirlər nəticəsində 121 şübhəli saxlanılıb.
“Saxta alkoqol istehsalı təkcə bir cinayət deyil; cəmiyyət sağlamlığını təhdid edən ölümcül bir tələdir. Bu məhsulları bazara çıxaranlar həm vətəndaşlarımızın həyatını, həm də sağlamlığını heçə sayırlar. Şübhəli halları bizə bildirin, biz də lazımi tədbirləri görək”, - deyə Yerlikaya qeyd edib.