Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ehtimal edib ki, Vaşinqton Rusiyanın ticarət tərəfdaşlarına idxal rüsumları tətbiq etməyəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News" telekanalına müsahibəsində bildirib.
Hindistanın Rusiyadan neft və neft məhsullarını alması ilə əlaqədar ona əlavə 25% rüsum tətbiq edilməsini şərh edən Tramp iddia edib ki, Rusiya “neft [alan] müştərisini itirib”. ABŞ prezidentinin sözlərinə görə, Çin və “digər ölkələr” də Rusiyadan enerji daşıyıcılarını alırlar.
"Əgər mən ikinci dərəcəli sanksiyalar və ya ikinci dərəcəli rüsumlar deyilənləri tətbiq etsə idim, bu, onların nöqteyi-nəzərindən dağıdıcı olardı", - deyə D.Tramp bildirib.
"Əgər bunu etməyə məcbur olsam, edəcəm. Ola bilsin ki, bunu etməyə məcbur olmayacam", - deyə o əlavə edib.