Bakı. Trend:
Cənubi Koreya prezidenti Li Çze Myon bəyan edib ki, ölkə “davamlı iş-həyat balansına doğru cəsarətli siyasət dəyişikliyinə” ehtiyac duyur.
Trend xəbər verir ki, dövlət başçısı bu fikri gənclərin uzun iş saatlarına görə karyera və ailə həyatını balanslaşdıra bilmədiklərini göstərən tədqiqatlara istinadən söyləyib. Hazırda Cənubi Koreyada bir işçi ildə orta hesabla 1874 saat çalışır ki, bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin orta göstəricisindən 130 saat çoxdur.
Yeni təşəbbüsə əsasən, 2030-cu ilədək əmək haqqı itirilmədən iş vaxtının həftədə 40 saatdan 36 saata endirilməsi, daha sonra isə dördgünlük iş həftəsinin tətbiqi planlaşdırılır. Hökumət bu məqsədlə islahat planı və şirkətlər üçün subsidiyalar sisteminin hazırlanması üzərində işləyəcək xüsusi işçi qrup yaradacaq.
Həmkarlar ittifaqları təşəbbüsü alqışlayaraq onu “ölkədəki demoqrafik böhranın həlli üçün yeganə açar” adlandırıblar. Lakin biznes dairələri və Koreya Bankı iqtisadi risklər barədə xəbərdarlıq edir — ÜDM artım proqnozu 0,8 faizədək endirilib ki, bu da 1998-ci il Asiya maliyyə böhranından bəri ən aşağı göstəricidir.
Qeyd edək ki, Cənubi Koreya dünyada ən aşağı doğum səviyyəsinə malikdir: hər qadına orta hesabla cəmi 0,75 uşaq düşür. Proqnozlara görə, ölkə əhalisi 2125-ci ilə qədər 51,68 milyondan 7,53 milyona qədər azala bilər.