Bakı. Trend:
Almaniyanın Nürnberq şəhərində İkinci dünya müharibəsindən qalmış bombanın aşkar edilməsindən sonra təxminən 21 min sakin evlərini tərk etməlidir.
Trend-in məlumatına görə, bu barədə şəhər administrasiyası açıqlama yayıb.
Təxliyə hava bombasının zərərsizləşdirilməsi üçün nəzərdə tutulan əməliyyatdan əvvəl həyata keçirilir. Şəhər rəhbərliyi 800 metr radiusda yolların bağlanmasının vacib olduğunu bildirib.
Beləliklə, 21 minədək sakin mənzillərini və evlərini boşaltmalıdır. Bu, Nürnberqdə müharibədənqalma bomba tapılması ilə əlaqədar həyata keçirilən ən böyük təxliyə əməliyyatıdır.
Təxminən 450 kiloqram ağırlığında olan bomba Qrossroyt rayonunda aparılan tikinti işləri zamanı aşkarlanıb. Şəhər rəsmiləri qeyd edib ki, bombanın zərərsizləşdirilməsinə yalnız bütün sakinlər təhlükəsiz şəkildə təxliyə edildikdən sonra başlanılacaq.
Məlumata görə, saat 19:30-da (Bakı vaxtı ilə 22:30) polis yaxınlıqdakı ilk küçələri bağlayıb. Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər və yüzlərlə fövqəladə hallar xidməti əməkdaşı artıq hadisə yerindədir.
