Bakı. Trend:
ABŞ ordusu Pilotsuz uçuş aparatlarının yaratdığı real təhlükəni qəbul edir.
Trend-in məlumatına görə, bunu ABŞ-nin ordu naziri Daniel Driskoll CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ ordusuna pilotsuz təyyarələrə qarşı müdafiə sistemlərinin inkişaf etdirilməsi tapşırılıb və bu vəzifə indiyədək öhdəsinə götürdüyü işlərdən tamamilə fərqlidir.
Driskoll qeyd edib ki, müasir dronlar əldəqayırma partlayıcı qurğular kimi istifadə edilə bilər: "Onlar ucuzdur, evdə 3D-çap etmək mümkündür və sərhədləri çox asanlıqla keçirlər."
Nazir pilotsuz uçuş aparatlarını "bəşəriyyət üçün təhlükə" adlandıraraq, Rusiya-Ukrayna müharibəsində dronların səbəb olduğu "məhvetmənin miqyası və sürəti"nə diqqət yetirilməli olduğunu vurğulayıb.
O əlavə edib ki, federal hökumət dronlara qarşı mübarizədə lider mövqe tutmalıdır: "Amma mən optimistəm və düzgün iş gördüyümüzə inanıram."
