Bakı. Trend:
ABŞ hökuməti Avropanı xəbərdar edib ki, əgər Vaşinqtonun Avropadakı müttəfiqləri 2027-ci ilə qədər blokun müdafiə xərclərinin daha böyük hissəsini öz üzərlərinə götürməsələr, ölkə NATO-nun bəzi müdafiə əlaqələndirmə mexanizmlərində iştirakını dayandıra bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Amerika tərəfinin bu mesajı bu həftə Vaşinqtonda NATO üzrə fəaliyyətə nəzarət edən Pentaqon əməkdaşlarının iştirakı ilə keçirilən görüş zamanı Avropa diplomatlarına çatdırılıb.
Pentaqon nümayəndələri bildiriblər ki, ABŞ hələlik Avropanın öz müdafiə imkanlarını gücləndirmək sahəsində əldə etdiyi nəticələrdən razı deyil. Onların sözlərinə görə, əgər Avropalı müttəfiqlər müəyyən edilmiş müddətə — 2027-ci ilə qədər öhdəlikləri yerinə yetirməsələr, Vaşinqton alyansın bəzi müdafiə koordinaisya mexanizmlərində iştirakdan çəkiləcək.
