Bakı. Trend:
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti 88 illik tarixində ilk dəfə olaraq Almaniyadakı zavodlarından birinin fəaliyyətini dayandırır.
Trend xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Drezden zavodunun bağlanması şirkətin Çin və Avropada satışlarının azalması fonunda üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədardır. Vaşinqton tərəfindən tətbiq edilən yüksək idxal tarifləri də bu qərara təsir edən amillər sırasında göstərilir. Zavodun bağlanması “Volkswagen”in Almaniyada 35 min iş yerini ixtisar etməyi nəzərdə tutan planının tərkib hissəsidir.
Zavod dekabrın 16-da fəaliyyətini dayandıracaq. Şirkət nümayəndələri bildiriblər ki, istehsalın dayandırılması qərarı “iqtisadi baxımdan zəruri” olsa da, asan qəbul edilməyib.
Qeyd edək ki, 2002-ci ildə Drezdendə fəaliyyətə başlayan zavod bu müddət ərzində təxminən 200 min avtomobil istehsal edib. “Volkswagen”ə məxsus ərazinin gələcəkdə süni intellekt çiplərinin hazırlanması üçün tədqiqat kampusu yaradılması məqsədilə Drezden Universitetinə verilməsi planlaşdırılır.
