Bakı. Trend:
Əlcəzairin Milli Xalq Assambleyası XIX–XX əsrlərdə Fransanın ölkə ərazisində həyata keçirdiyi müstəmləkəçilik siyasətini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə açıq iclasın birbaşa yayımı zamanı açıqlama verilib.
Qəbul edilən sənədə əsasən, Fransanın 14 iyun 1830-cu ildən 5 iyul 1962-ci ilədək Əlcəzairdə həyata keçirdiyi müstəmləkəçilik fəaliyyəti, onun birbaşa və dolayı nəticələri, habelə həmin dövrdən sonra da davam edən təsirləri rəsmi şəkildə qanunvericilik səviyyəsində cinayət hesab olunur.
Qanun layihəsinin müəllifləri Fransanın Əlcəzairdəki müstəmləkə idarəçiliyi ilə bağlı təxminən 30 adda cinayət halını müəyyən ediblər. Bunlara məhkəməsiz qətllər, yerli əhaliyə qarşı ağır işgəncələr, qadağan edilmiş silahlardan istifadə, ekoloji fəlakətlərin törədilməsi, eləcə də Əlcəzair səhrasında həyata keçirilmiş nüvə sınaqları daxildir. Bildirilib ki, bu sınaqların fəsadları bu gün də yerli əhali tərəfindən hiss olunur.
Şimali Afrika dövləti keçmiş metropoliyadan müstəmləkəçilik dövrünə görə rəsmi üzr istənilməsini və maddi kompensasiyanın ödənilməsini tələb etməyi planlaşdırır.
Qeyd olunub ki, Fransa müstəmləkə hakimiyyəti dövründə əhaliyə ərəb dilində təhsil almaq qadağan edilib, məcburi xristianlaşdırma siyasəti aparılıb, həmçinin Birinci və İkinci dünya müharibələri zamanı minlərlə əlcəzairli Fransa Silahlı Qüvvələrinin sıralarına kütləvi şəkildə cəlb olunub.
Əlcəzair 130 ildən artıq müddətdə Fransanın işğalı altında qalıb və 1962-ci ildə milli azadlıq mübarizəsi nəticəsində müstəqilliyini əldə edib.
Bundan əlavə, dekabrın əvvəlində Afrikanın bir sıra ölkələri 30 noyabr – 1 dekabr tarixlərində Əlcəzairdə keçirilmiş beynəlxalq konfransın yekunları üzrə bəyannamə qəbul ediblər. Həmin sənəddə metropoliyalara müstəmləkəçilik keçmişinə görə rəsmi məsuliyyəti etiraf etmək və kompensasiya mexanizmləri hazırlamaq çağırışı yer alıb.