Bakı. Trend:
İspaniyanın Kanar adalarına qanunsuz yolla çatmağa çalışan ən azı yeddi nəfər Qambiya sahillərində Atlantik okeanında həlak olub.
Trend xəbər verir ki, bu barədə Qambiya Dövlət Yayım İdarəsi məlumat yayıb.
Məlumata görə, ölkənin paytaxtı Banjul yaxınlığında aşan gəmidə olan 96 nəfər xilas edilib. Hadisə ilə bağlı araşdırma başlanıb.
Miqrantlar Qambiya sahillərindən təxminən 1 550 km məsafədə yerləşən Kanar adalarına çatmağa çalışırdılar. Qərbi Afrikadan qanunsuz miqrantları daşıyan gəmilər adətən altı gündən on günə qədər səyahət edir və cinayətkar qruplar tərəfindən Afrika ölkələrindən alınmış köhnə balıqçı gəmilərindən istifadə olunur.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə Afrikadan Kanar adalarına dəniz yolu ilə təxminən 45 000 miqrant gəlib.
