Bakı. Trend:
Keçən 2025-ci ildə Gürcüstan əsas tranzit mərkəzi statusunu qoruyub saxlayıb. Gürcüstandan keçməklə Cənubi Qafqaz Dəhlizi vasitəsilə Türkiyəyə və Avropaya daşınma birinci dərəcəli xətt olaraq qalıb və daşınmaların həcmi artıb. Şimal-Cənub xətti ilə Ermənistana tranzit isə ikinci dərəcəli olaraq qalıb və həcm bir qədər azalıb.
Trend Gürcüstan Neft və Qaz Korporasiyasına istinadən xəbər verir ki, Gürcüstan ərazisindən qaz tranziti 2025-ci ildə 0,2 faiz artıb.
Korporasiyanın məlumatına görə, 2025-ci ildə Gürcüstan ərazisindən 25,165 milyard kubmetr təbii qaz nəql edilib, 2024-cü ildə isə bu rəqəm 25,118 milyard kubmetr olub.
Ötən il Cənubi Qafqaz Qaz Boru Kəməri ilə nəql edilən qazın həcmi 103 milyon kubmetr artıb. Boru kəməri ilə 22,933 milyard kubmetr təbii qaz nəql edilib ki, bu da 2020-ci ilin həcmindən (11,1 milyard kubmetr) iki dəfə çoxdur.
Şimal-Cənub qaz kəmərinə gəldikdə, onun vasitəsilə 2,229 milyard kubmetr qaz nəql edilib ki, bu da 2024-cü illə müqayisədə bir qədər azdır.
Qeyd edək ki, Cənubi Qafqaz Qaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) “Şahdəniz” yatağında hasil edilən qazı Azərbaycandan Türkiyəyə, daha sonra isə Avropaya nəql edir.
Şimal-Cənub qaz kəməri Rusiya qazının Ermənistana tranzitini təmin edir. Gürcüstan hissəsinin uzunluğu 234 km-dir və layihələndirilmiş ötürmə gücü ildə 12 milyard kubmetrdir.