Bakı. Trend:
Almaniya kansleri Fridrix Mertz Ukrayna münaqişəsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparılması çağırışlarını rədd edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Danışıqlar ilk növbədə Ukrayna ilə Rusiya arasında aparılmalıdır. Biz burada vasitəçi rolunda çıxış etmirik”, – deyə Mertz bildirib.
Bununla yanaşı, o qeyd edib ki, Almaniya tərəflər arasında hazırda davam edən danışıqları dəstəkləyir və onların mümkün qədər tez başa çatacağına ümid edir.
Bir gün əvvəl Almaniya Sosial-Demokrat Partiyasının (SPD) parlament fraksiyasının xarici siyasət üzrə nümayəndəsi Adis Axmetoviç kansler Fridrix Mertz ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa danışıqların aparılmasına çağırmışdı.
Onun sözlərinə görə, hazırkı danışıqlar prosesində “cüzi irəliləyiş” əldə olunub və avropalılar danışıqlar masasında təmsil olunmurlar.
