Bakı. Trend:
Kiprdə keçirilən hərbi təlimlər zamanı 13 kiloqramdan çox trinitrotoluolun (trotil) itkin düşdüyü məlum olub.
Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Kristofer Pyeris məlumat yayıb.
Onun sözlərinə görə, hadisə yanvarın 29-da Limassol vilayətinin Kalo Xorio kəndində yerləşən hərbi poliqonda qeydə alınıb. Mühəndis qoşunlarının təlimləri zamanı proqramda nəzərdə tutulan nəzarətli partlayış baş tutmayıb. Təhlükəsizlik qaydalarına riayət edildikdən sonra ərazi yoxlanılıb və iki partlayıcı qurğunun yerində olmadığı müəyyən edilib.
Məlumata görə, itkin düşən qurğular raketlərin məhv edilməsi üçün nəzərdə tutulub və ümumilikdə 30 funt, yəni təxminən 13,6 kiloqram trotil ehtiva edib.
Hadisədən sonra yanvarın 30-na planlaşdırılan təlimlərin ikinci günü araşdırma yekunlaşana qədər təxirə salınıb.
Kipr mətbuatının yazdığına görə, Müdafiə Nazirliyində insidentin böyük ehtimalla partlayıcı maddələrin oğurlanması ilə bağlı olduğu istisna edilmir.
