Bakı. Trend:
Norveç parlamenti monarxiyanın saxlanılmasının lehinə səs verib.
Trend bu barədə Norveç KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 169 deputatdan 141-i bu mövqeni dəstəkləyib, 26 nəfər isə əleyhinə səs verib. Respublika keçid üçün Stortinqdə (Norveç parlamenti) üçdə iki nisbətdə səs üstünlüyü tələb olunurdu.
Səsvermə kral ailəsi ətrafında baş verən bir neçə qalmaqal və onun populyarlığının azalması fonunda keçirilib.
Fevralın 3-də Osloda vəliəhd şahzadə Mette-Maritin 29 yaşlı oğlu Marius Borg Höybi üzərində məhkəmə prosesi başlayıb. O, 38 cinayətdə, o cümlədən dörd zorlama faktında ittiham olunur və onu 10 ilədək həbs cəzası gözləyir.
Eyni zamanda, ABŞ-də Ceffri Epşteyn işi üzrə sənədlərin növbəti hissəsinin dərc olunmasından sonra onun anası ətrafında da qalmaqal alovlanıb. Cinsi istismarla bağlı cinayətlərdə ittiham olunan Epşteynlə Mette-Maritin əvvəllər məlum olduğundan daha sıx əlaqələrinin olduğu üzə çıxıb.
