Bakı. Trend:
ABŞ və İran arasında mövcud məsələlərin diplomatik yolla həllinə dair iradə qorunub saxlanılır və danışıqlar prosesi dayandırılmayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Misirdən qayıdarkən onu müşayiət edən jurnalistlərə açıqlamasında bildirib.
“Biz ABŞ ilə İran arasında gərginliyin azaldılması üçün əlimizdən gələni edirik ki, regionun yeni münaqişə və xaosa sürüklənməsinin qarşısı alınsın. İrana qarşı hərbi müdaxilə perspektivi ilə razılaşmadığımızı açıq şəkildə bildirdik və bunu həmkarlarımızın diqqətinə çatdırdıq. Hazırda görürəm ki, hər iki tərəf diplomatiya üçün qapını açmaq istəyir və bu, müsbət haldır.
Həll yolu qarşıdurmada deyil, ortaq cəhətlərin tapılmasında və danışıqlardadır. Bu proses aktivdir və dayandırılmayıb. Dialoq və diplomatiya üçün əsas hələ də var”, – deyə Ərdoğan bildirib.
O həmçinin qeyd edib ki, nümayəndələr səviyyəsində olan görüşlərdə irəliləyiş əldə olunduqdan sonra, ABŞ və İran liderləri səviyyəsində də danışıqlar faydalı ola bilər.
Ərdoğanın sözlərinə görə, Türkiyə regionda yeni bir münaqişənin qarşısını almaq məqsədilə ABŞ və İran arasında gərginliyin azaldılması üçün maksimum səy göstərir.
