Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-də Qazaxıstanın yeni Konstitusiyası ilə bağlı ölkədə referendumun keçirilməsi haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“15 mart 2026-cı il tarixində respublika referendumu keçirilsin. Respublika referendumuna Qazaxıstan Respublikasının yeni Konstitusiyasının layihəsi aşağıdakı sual formulu ilə çıxarılsın:
“Layihəsi 12 fevral 2026-cı il tarixində kütləvi informasiya vasitələrində dərc edilmiş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?” – deyə Qazaxıstan Prezidentinin rəsmi saytında dərc olunan fərmanda bildirilir.
Qazaxıstanın ilk Konstitusiyası ölkənin müstəqillik əldə etməsindən sonra - 28 yanvar 1993-cü ildə qəbul olunub. Daha sonra 30 avqust 1995-ci ildə ümumxalq referendumu ilə yeni Konstitusiya qəbul edilib və hazırda qüvvədə olan əsas qanun həmin sənəddir.
