Bakı. Trend:
Meksika Prezidenti Klaudiya Şeynbaum ölkəsinin ABŞ-nin Kubaya tətbiq etdiyi neft blokadası şəraitində Vaşinqton və Havana arasındakı dialoqda vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
Şeynbaum qeyd edib ki, Meksika artıq təkliflər irəli sürüb və indi hər şey ABŞ və Kubadan asılıdır.
“Meksika Kubanın suverenliyi çərçivəsində dialoq naminə hər şeyi edəcək. Bu mövqe Meksikanın xarici siyasətinin ənənəvi prinsiplərinə uyğundur”, – o bildirib.
Prezident əlavə edib: “Xalqların öz müqəddəratını təyin etmək hüququ çox vacibdir, bu yalnız bizim prinsiplərimizə aid deyil. Kuba ilə sülh dialoqu üçün şərait yaratmaq lazımdır, çünki heç bir başqa ölkə belə sanksiyalara məruz qalmır”.
Daha əvvəl Şeynbaum Kubaya humanitar dəstəyi genişləndirəcəyini vəd etmişdi.
