Bakı. Trend:
Fransa və Norveç Ukraynaya müşahidə və vəziyyətdən xəbərdar olma sahələrində, eləcə də aviasiya bombaları ilə bağlı yeni imkanların yaradılmasını nəzərdə tutan saziş imzalayıb.
Trend xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi saytında məlumat dərc olunub.
Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, Ukrayna işğaldan sonra dördüncü qışını yaşayır və Rusiya hücumları nəticəsində ölkə böyük hərbi, mülki və humanitar ehtiyaclarla üz-üzədir. “Norveç və Fransa arasındakı yeni saziş bizə Ukraynanın ehtiyac duyduğu imkanların təmin edilməsində əməkdaşlıq etməyə şərait yaradır”, – deyə o qeyd edib.
Bəyanatda vurğulanır ki, saziş Norveç və Fransaya zəruri müdafiə avadanlıqlarının fransız istehsalçılarından alınması və ya Fransanın ehtiyatlarından təmin edilməsi yolu ilə Ukraynaya çatdırılmasında əməkdaşlıq imkanı verir.
İlkin mərhələdə Norveç təxminən 4,2 milyard Norveç kronu (440 milyon dollar) ayıracaq, Fransa isə təxminən 3 milyard Norveç kronu (300 milyon dollar) məbləğində kreditə zəmanət verəcək.
