Baku. Trend:
İsveçrənin Valais kantonunda sərnişin qatarının resldən çıxması nəticəsində azı beş nəfər xəsarət alıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
“Qəza nəticəsində beş nəfər xəsarət alıb. Hadisə zamanı qatarda 29 sərnişin olub”, – məlumatda bildirilir.
Qeyd edilib ki, bir nəfər xəstəxanaya yerləşdirilib, dörd nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Baş vermiş hadisənin dəqiq hallarının müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb.
İlkin ehtimala görə, qəza dəmir yolu xətti ərazisində daha əvvəl baş vermiş qar uçqunu səbəbindən baş verə bilər. Xətt üzrə qatarların hərəkəti dayandırılıb.
